İki yeni nazir müavini TƏYİN EDİLDİ 

13:24 29.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.

 

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

 

Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub.

 

O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.

Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

 

2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

 

Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub.

 

O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

 

Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

 

Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

Siyasət rubrikasından digər xəbərlər